Birgə istehlak konsepsiyası XXI əsrin ən irimiqyaslı fenomenlərindən biridir. 2014-cü ildə birgə istehlak iqtisadiyyatının dəyəri 15 milyard ABŞ dolları həcmində qiymətləndirilib. Ekspertlər proqnozlaşdırırlar ki, 2025-ci ilədək onun həcmi 335 milyard ABŞ dollarınadək artacaq. İndiyədək bu konsepsiyanın tətbiq edilməsi mehmanxana biznesində və sərnişindaşıma seqmentində inqilab həyata keçirməyə imkan verib. Birgə istehlakın tətbiq edilməsi nəqliyyat-logistika biznesində də baş verir.
Birgə istehlak iqtisadiyyatı tranzaksiya onlayn-ekosistemdir. Burada istifadəçilər alış-veriş həyata keçirmək və xidmətlər göstərmək məqsədi ilə bir-birilə qarşılıqlı fəaliyyət göstərirlər. Sistem istifadəçilərə resurslara qənaət etməyə, operativ xidmət göstərməyə və yeni mənfəətlər əldə etməyə imkan verir. Konsepsiyanın kvintessensiyası sahib olmaq deyil, birgə istifadədir. Bununla yanaşı, birgə istehlak sistemini səmərəli və məhsuldar tətbiq etmək üçün idarəetməni yenidən təşkil etmək və biznes prosesləri tənzimləmək lazımdır.
“Lyft”, “Convoy” və “Uber” şirkətləri artıq öz servis paketlərini genişləndiriblər və yüklərin göndərilməsi üzrə xidmətlər göstərməyə başlayıblar. Amerika Yükdaşıyıcılar Assosiasiyasının məlumatına görə, “Uber Freight” yükdaşımalar sifariş etmək üçün yeni effektiv servis tətbiq etmək, sürücülərə yeddigünlük ödəniş şərtini təklif etmək və tam yükləməni təmin etmək üçün münasib tətbiqləri buraxmaq niyyətindədir. Lakin yeni xidmətlərin tətbiqi çətinliklər törədir, çünki yükdaşımaların hüquqi tənzimlənməsi sərnişin daşımalarının tənzimlənməsindən əsaslı surətdə fərqlənir.
İsveçrənin beynəlxalq nəqliyyat-logistika şirkətlər qrupu olan “AsstrA-Associated Traffic AG” nəqliyyat-logistika sahəsinin digər təmsilçiləri ilə birlikdə “sonuncu mil” logistika sahəsində xidmətlər kompleksini genişləndirməyə çalışır. ABŞ-ın nəqliyyat-logistika infrastrukturu sahəsində qabaqcıl ekspert Valter Kemmsies proqnozlaşdırır ki, növbəti 10 illik ərzində pərakəndə ticarətdə internet biznesin payı iki dəfə artacaq, satışların universal kanalından istifadə tendensiyası isə lider mövqelərə yüksələcək.
“AsstrA”nın Əməliyyat idarəsinin direktoru Denis Qural bildirir: “Yüklərin göndərilməsi sahəsində aktivləri bölmək şəxsi mənzillərin və avtomobillərin kirayəsi sahəsinə nisbətdə daha çətindir. Necə ki, bunu “AirBnB” və “Uber” servislərinin istifadəçiləri edirlər. Buna baxmayaraq, logistik provayderlər icarə müqavilələri əsasında çox vaxt öz aralarında yük parkını bölüşürlər. Güman edirik ki, gələcəkdə müxtəlif daşıyıcılar arasında nəqliyyat vasitələrinin bölüşdürülməsi sistemi asanlaşacaq. Digər tərəfdən ekspeditorlar və logistik provayderlər qarşısında birgə istehlak iqtisadiyyatının ən perspektivli imkanlarından biri olan insan resurslarının çevik mübadiləsi açılır. Nəqliyyat biznesi üçün sürücü çatışmazlığı ciddi problem kəsb edir. Hətta bir-birilə rəqabət aparan müəssisələr əməkdaşlıq etməyə və sürücüləri mübadilə etməyə potensial olaraq hazırdırlar. Müasir texnologiyalar, kovorkinq və autsorsinqin ümumi ideyaları nəqliyyat-logistika sahəsi üçün müəyyən əhəmiyyət qazanır”.
“AsstrA”nın nəqliyyat ekspertləri növbəti tendensiyaları aşkara çıxarıblar: pərakəndə ticarət müəssisəsi malların iri partiyasını anbarlarda daha saxlamaq istəmirlər və getdikcə daha kiçik həcmli partiyalar sifariş verirlər. Kiçik partiyalar birbaşa mağazaların piştaxtalarına çatdırılır. Bundan başqa, yığma (qarışıq) yüklərin çatdırılması üzrə xidmətlərə tələbar artır ki, bu da birgə istehlak iqtisadiyyatının hər bir iştirakçısına yeni imkanlar və onun bazarda payını çoxaltmaq üçün alətlər verir. Ənənəvi yanaşmaya üstünlük verən nəqliyyat şirkətləri də nəqliyyat vasitələrinin tədarükçülərinin və sürücülərin axtarışını yüngülləşdirmək üçün birgə istehlak iqtisadiyyatının prinsiplərini tətbiq edə bilərlər. Məsələn, bunu resursları etibarlı logistik tərəfdaşlarla birlikdə istifadə etmək yolu ilə həyata keçirə bilərlər.
“AsstrA”nın Əməliyyat idarəsi direktorunun yığma yüklər üzrə müavini Karol Barançuk bildirib: “Hazırda “sonuncu mil” və”ekspress-çatdırma” xidmətlərinə daha çox tələbat var. Nəqliyyat-logistika sahəsi xərcləri optimallaşdırmaq məqsədilə birgə istehlak iqtisadiyyatının prinsiplərini artıq çoxdan qəbul edib və inteqrə edib. Müxtəlif sahiblərə məxsus yüklər yığma yüklərin konsepsiyasına uyğun konsolidə edilir. O cümlədən, yüklərin konsolidasiyası, tədarükçülər və yük sahibləri sıx əməkdaşlıq “sonuncu mil” logistikasına çəkilən xərcləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verir”.
Birgə istehlak iqtisadiyyatının tədarük zəncirinin təşkilinə əhəmiyyətli təsir gösrtərən daha bir xüsusiyyəti sürücüsüz yük nəqliyyatından istifadə etmədir. Avtonom nəqliyyatın tətbiqi logistik provayderlər, IT məhsulları işləyib hazırlayanlar və pərakəndə ticarət müəssisələri tərəfindən birgə səylər tələb edir.
“AsstrA”nın Əməliyyat idarəsi direktorunun avtodaşımalar üzrə müavini Vitali Yeryomenko deyib: “Daşınan yüklərin təhlükəsizliyi logistika biznesinin uğurlarına təsir edən əsas faktorlardan biridir. Sürücüsüz avtomobillər yüklərin tam təhlükəsizliyinə zəmanət verə bilməyənədək biz anbarlardan və ya yükboşaltma doklarından kənarda bu cür nəqliyyat vasitələrini tətbiq etməyəcəyik. Hazırda müxtəlif sahələrin nümayəndələri tədarük zəncirinin tam avtomatlaşdırılması məqsədilə sıx əməkdaşlıq edirlər, sürücüsüz yük maşınlarının sınaqdan keçirilməsi fəal davam edir. Lakin yaxın 10 ildə avtonom nəqliyyat çətin ki, Bizim gündəlik həyatın bir hissəsi olsun”.
Tədarük zənciri iştirakçılarının üfüqi əməkdaşlığı bir çox halda birgə istehlak konsepsiyası sayəsində yaranan daha bir yeni təzahürdür. Nəqliyyat-logistika şirkətləri iri layihələrin reallaşdırılması üçün bir-birilə tərəfdaşlıq münasibətlərini qururlar. Logistik xidmətlərin tədarükçüləri xərcləri optimallaşdırmaq və atmosferə zərərli tullantıları azaltmaqla ətraf mühitin qayğısına qalmaq üçün öz həmkarları ilə əməkdaşlıq edirlər. Məlumatların elektron mübadiləsi (EDI) “şaquli” əməkdaşlığın qurulmasına yardım edib, lakin sıx “üfüqi” tərəfdaşlıq münasibətlərinin yaradılması üçün hələ bir çox maneə aşılmalıdır.
Tədarük zəncirində üfüqi əməkdaşlıq müasir texnologiyalara və autsorsinqə əsaslanıb. “Sonuncu mil” çatdırılmasının dəyəri şirkətlərin bütün logistik xidmətlərinin dəyərinin 40-50 faizini təşkil etdiyinə görə xərclərin optimallaşdırılması üçün yeni texnologiyalardan istifadə həlledici əhəmiyyət qazanmağa başlayır. O cümlədən, kraudsorsinq texnologiyası malların daha sərfəli qiymətlərlə daha operativ çatdırılmasını təşkil etməyə imkan verir. Digər tərəfdən, bu texnologiya öz nəqliyyat vasitələri və ya öz sürücüləri olmayan şirkətlərə kömək edir.
Nəqliyyat-logistika sahəsində birgə istehlak iqtisadiyyatının gələcəyini proqnozlaşdırmaq çətindir, lakin bu konsepsiyanın yüksək potensialı və durmadan artan populyarlığı özündən xəbər verir.