Texnoloji tərəqqi artıq çoxdan cəmiyyətin bütün gözləntilərini üstələyib. Əşyaların interneti (ing. Internet of Things, loT), şəbəkədə malları izləmə və məhsulları rəqəmsallaşdırma imkanları məhsulun həyat tsiklini kompleks şəkildə idarə etməyə imkan verir. Müştərinin qurğularındakı məlumatlardan istifadə etməklə müəssisə konkret Müştəri üzrə ünvanlı və optimallaşdırılmış məhsullar yaratmğa imkan verən informasiya əldə edir. Rəqəmsal əkizlər bu prosesin elementlərindən birinə çevrilirlər.
Rəqəmsal oxşar – bu, nə deməkdir?
Rəqəmsal ekvivalentlər konsepsiyası yeni bir şey deyil. 2D və 3D modelləri artıq 30 ildən çoxdur avtomatlaşdırılmış layihələndirmədə (ing. Computer-Aided Design, CAD) istifadə olunur. Lakin “rəqəmsal oxşar” (ing. digital twin) termininin özü nisbətən yaxın zamanda peyda olub. Sadə dillə desək, rəqəmsal əkiz hər bir fiziki obyektin, qurğunun, maşının, istənilən kompüterdə görməyin mümkün olduğu istehsal və ya sənaye prosesinin virtual surətidir.
Rəqəmsal surət nəyə lazımdır?
BAŞA DÜŞMƏK
Rəqəmsal oxşar müxtəlif məqsədlər üçün istifadə edilir. Hər şeydən əvvəl o, məhsulun özünə müdaxilə etmədən bəzi prosesləri dərindən başa düşməyə imkan verir. Təsəvvür edin ki, sizin vəzifəniz avtomobilin sınmış mühərrikini təmir etməkdir, lakin siz qəzanın başvermə səbəbini bilmirsiniz. Kompüterin monitorunda rəqəmsal mühərrikin müfəssəl təhlili sizə avtombilin “içərisinə göz gəzdirməyə” və qüsurun mənbəyini görməyə imkan verəcək.
QABAQCADAN GÖRMƏK
Əldə etməyə hazırlaşdığınız maşının həqiqətən fabrikinizə uyğun olub-olmadığını necə yoxlamaq olar? Almaq, yoxsa almamaq? Cavab əldə etmək üçün virtual sürət ilə manipulyasiya aparmaq kifayətdir. Fabrik və yeni maşının 3D təsviri sizə onun işini əvvəlcədən görməyə və alışla bağlı bütün şübhələri aradan qaldırmağa imkan verəcək.
OPTİMALLAŞDIRMAQ
Rəqəmsal əkizlər biznesdəki problemləri tez və dəqiq şəkildə aşkara çıxarmağa kömək edir. Şirkətlər bunun sayəsində məhsullarının buraxılışını sürətləndirə, bütün istehsalat zəncirinə çəkdikləri xərclərini azalda və bununla da biznesi optimallaşdıra bilərlər. Real qurğuda, maşında və ya sistemdə baş verəcək bütün dəyişikliklər onun rəqəmsal modelində əks olunacaq. Bu, obyekti məsafədən səmərəli idarə etməyə təminat verəcək və avadanlığın işində nasazlıqları vaxtında aşkarlamağa və ya onun köhnəlməyə başlamasını vaxtında təsbit etməyə imkan verəcək.
Rəqəmsal surətləri harada tətbiq etmək olar?
Rəqəmsal əkiz hər şeydən əvvəl avtomobil sənayesi ilə assosiasiya olunur. O bu sahədə daha çox nəqliyyat vasitələri və texnoloji xətlərin layihələndirilməsi və tikintisində istifadə olunur. Lakin reallığın rəqəmsal əksi ilə əlaqədar texnologiyalar hazırda praktiki olaraq hər sahədə tətbiq edilir.
Məsələn, rəqəmsal oxşar maşınlara xidmət göstərilməsi ilə bağlı işlər üçün ideal şəkildə uyğun gəlir. Nəqliyyat vasitəsinin yığılmasını, təmirini və ona baxışı həyata keçirən əməkdaş real vaxt rejimində əldə olunan təlimatdan və dəqiq informasiyadan istifadə edə, habelə öz işinə nəzarət edə bilər. Sistem ona hansı elementin yoxlanılması barədə məlumat verəcək, onun yerini göstərəcək və hansı alətlərdən və ehtiyat hissələrindən istifadə etməyin daha yaxşı olacağını bildirəcək. Rəqəmsal əkiz təyyarələrin tikintisi və təmirində də faydalıdır, eləcə də aerokosmik sənayedə istifadə olunan ötürücü sistemlərin hazırlanması üçün uyğundur.
Maraqlıdır ki, hətta şəhərlərin artıq öz rəqəmsal əkizləri var. Fransanın Renn şəhər və kommunası bunun parlaq nümunəsidir. Burada şəhərin “Virtual Rennes” rəqəmsal modeli hazırlanıb və şəhərin inkişaf konsepsiyası yaradılarkən istifadə olunur. Rennin rəqəmsal əkizi vəzifəli şəxslərə, sakinlərə, şirkətlərə və xidmət tədarükçülərinə şəhərin inkişafına aid həllərin tətbiqini təqlid etməyə imkan verir. Şəhər hakimiyyəti qərar (məsələn, yeni metro xəttinin tikintisi haqqında) qəbul etməzdən əvvəl o, rəqəmsal əkizdə həm imkanın özünə baxa, həm də bütün mümkün həlləri sınaqdan keçirə bilərlər.
“Digital twin” müəyyən mənada hətta gələcəyi qabaqcadən xəbər verməyə imkan verir. Layihəni reallaşdırmağa başlamazdan qabaq – nəyisə təmir etmək, dağıtmaq və çox vaxt lazımsız xərclər çəkmək – əvvəlcə rəqəmsal əkizlə virtual eksperiment aparmaq olar. Bu, kompüterin ekranında nəzərdə tutulan addımların həqiqətən də uğurlu olacağını görməyə və yalnız müsbət nəticə halında işə başlamağa imkan verəcək.
Logistik əkiz
“Digital twin”i logistika konsepsiyasında prosesin müxtəlif mərhələlərində istifadə etmək olar. AsstrA-Associated Traffic AG şirkətlər qrupundan olan Lean Manager & Data Protection Officer Maçey Tıburçi logistik biznesin imkanları barədə danışır:
“Rəqəmsal əkiz istənilən prosesin bütün mərhələlərində faydalı qərardır. Fayda məhsul üçün qablaşdırmanın dizaynını hazırlamaqdan başlayır. Bu da öz növbəsində materialın xərcini minimuma endirməyə və qablaşdırmanın ölçülərini azaltmağa imkan verəcək. Mebel elementlərinin IKEA şirkətinin tətbiq etdiyi üsulla qablaşdırılması yaxşı nümunədir.
Prosesin növbəti mərhələsi malın nəql edilməsidir ki, bunu da sözügedən yanaşmanın köməkliyilə optimallaşdırmaq mümkündür. Söhbət məsələn, yük maşınlarının yükgötürmə qabiliyyətinin bütün potensialından istifadə etmək üçün yük maşınlarının layihələndirilməsindən gedir.
Bu üsul malların saxlanmasına da kömək edəcək, çünki anbarların imkanlarını da hələ layihələndirmə mərhələsində “digital twin”in köməkliyi ilə təhlil etmək mümkündür. Bunun sayəsndə anbar üçün icarəyə götürülən sahə ən yaxşı şəkildə istifadə olunacaq, anbarın daxilində baş verən proseslər optimal olacaq”.
Yuxarıda qeyd edilən nümunələrdən görünür ki, logistika sahəsində rəqəmsal əkiz bir çox vəziyyətdə tətbiq oluna bilər. Onun istifadəsi daha səmərəli planlaşdırmağa, layihələndirməyə və əlçatan nəqliyyat-logistika resurslarından istifadə etməyə imkan verəcək.
Dünya ixracatçılarının proqnozlarına əsasən, 2020-ci ilədək rəqəmsal əkizlərdən istifadə edən şirkətlərin sayı 30% artacaq (2000-ci ilə nisbətdə). Analitiklərin fikrincə, bu, innovativ məhsulun reallaşdırılması və bütün təşkilatın səmərəliliyi ilə bağlı biznesin göstəricilərini yaxşılaşdırmağa imkan verəcək. Buna baxmayaraq, uğurun qazanılması üçün müəssisələr rəqəmsal əkizin heç də bütün tapşırıqların həlli olmadığını yadda saxlayaraq və başa düşərək daim yeni iqtisadi və biznes modellər hazırlamalıdır.